Rusiya Çinə satdığı qazın qiymətini 28 faiz endirdi

10:00 26.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bloomberg agentliyi yazır ki, Rusiya ən azı 2027-ci ilə qədər Çinə təbii qazı 28 faiz endirimlə satacaq. Agentlik xəbəri Rusiya İqtisadi İnkişaf Nazirliyinin açıqladığı makro proqnozlar əsasında hazırlayıb.

Hafta.az-ın yazdığına görə, hazırda Türkiyə və Avropa Birliyi 1000  kubmetr təbii qaz üçün Rusiyaya 320 dollar ödəyir. Bu il Çinin bu həcm üçün ödəyəcəyi məbləğ 257 dollardır.

Nazirliyin hesablamalarına görə, yaxın 3 ildə təbii qazın vahid qiyməti hər iki istiqamətdə bir qədər ucuzlaşsa da, Avropa ilə Türkiyə və Çin arasında qiymət fərqi 28 faiz səviyyəsində qalacaq.

Rusiya Çinə təbii qazı “Sibirin Gücü” boru kəməri vasitəsilə çatdırır. Xəttin illik ötürmə qabiliyyəti 38 milyard kubmetr təşkil edir. 2023-cü ildə ixrac edilən qazın həcmi 22,7 milyard kubmetr olaraq açıqlanıb.

Rusiya və Çin “Sibirin Gücü 2” adlı daha bir təbii qaz kəmərinin tikintisi ilə bağlı danışıqlar aparır. Bununla belə, Rusiya mətbuatı Çinin yekun razılaşmada “ayağını sürüklədiyini” yazıb.